2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.
Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.
İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Published by
Categories: Siyasət, Politics

Yorum bırakın