19-cu əsrin ikinci yarısı Azərbaycan üçün maarifçilik və milli oyanış dövrü idi. Bu dövrün ən mühüm hadisələrindən biri də ilk milli qəzetin – “Əkinçi”nin yaranmasıdır. “Əkinçi” yalnız sadə bir mətbu orqan deyildi, o, Azərbaycan xalqının düşüncə tərzini dəyişdirməyə, savadsızlıqla mübarizə aparmağa yönəlmiş maarifçi bir hərəkatın başlanğıcı idi.

“Əkinçi” adının seçilməsi – Siyasi ağırlığın gizlədilməsi
Həsən bəy Zərdabi ilk qəzet layihəsini təqdim etdikdə, çar hökuməti və onun yerli nümayəndələri qəzetin nəşrinə şübhə ilə yanaşırdılar. Çünki imperiya siyasəti milli dillərdə mətbuat orqanlarının yaranmasını təhlükə kimi görürdü. Bu səbəbdən Həsən bəy qəzetə siyasi xarakter verməkdən çəkinərək, adını “Əkinçi” qoydu. Bu ad, guya qəzetin yalnız kənd təsərrüfatı mövzusuna həsr olunacağı təəssüratını yaradırdı. Əslində isə qəzetin məqsədi xalqı təkcə torpaqla deyil, həm də elm, təhsil, sağlamlıq, əxlaq və ictimai şüur ilə “əkmək” idi.
1873-cü ildən başlayaraq qəzetin nəşri üçün müxtəlif dövlət orqanlarına müraciət edən Həsən bəy, uzun müddət əziyyətlər çəkdi. Lakin Bakı qubernatoru Staroselskinin müəyyən dəstəyi və yerli şərtlərin əlverişli olması sayəsində nəhayət, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr edildi.

Qəzetin dili və mövzusu
“Əkinçi” qəzetinin fərqləndirici xüsusiyyətlərindən biri onun xalq dili ilə yazılması idi. Əvvəllər yazılı ədəbiyyat və rəsmi sənədlər fars və ya ərəb dillərində tərtib olunurdu. Həsən bəy isə qəzetin dilini mümkün qədər sadə, xalqın gündəlik danışıq tərzinə yaxın qurmağa çalışdı. Bu, oxucuların qəzeti başa düşməsi və ondan faydalanması üçün çox vacib idi.

Qəzetdə aşağıdakı mövzulara yer verilirdi:
Kənd təsərrüfatı və heyvandarlıq məsələləri Sağlamlıq, gigiyena və tibbi maarif Təhsil və məktəb problemləri Cəmiyyətin gerilik səbəbləri Qadın hüquqları və ailə mövzuları Dini mövzularda müasir və maarifçi yanaşmalar

Maneələr və bağlanma
Qəzetin fəaliyyəti çoxsaylı çətinliklərlə müşayiət olunurdu. Senzura orqanlarının təzyiqləri, maliyyə çatışmazlığı, abunəçilərin azlığı və siyasi səbəblər nəticəsində qəzetin ömrü cəmi 2 il sürdü. Rusiya-Türkiyə müharibəsi (1877–78) zamanı Türk dillərində nəşrlərə qarşı olan şübhələr artdı və 1877-ci il sentyabrın 29-da “Əkinçi” qəzetinin nəşrinə rəsmi şəkildə son qoyuldu.
Cəmi 56 nömrə çıxmasına baxmayaraq, “Əkinçi” Azərbaycan xalqının maariflənməsi, milli oyanışı və mətbuat ənənələrinin formalaşması üçün əvəzsiz rol oynamışdır. Həsən bəy Zərdabinin bu təşəbbüsü sonralar “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” kimi qəzetlərin yaranmasına ilham mənbəyi oldu.
1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin çap olunması hadisəsi milli mətbuatın rəsmi başlanğıcı hesab edilir və həmin gün – Milli Mətbuat Günü olaraq qeyd olunur.

Mən də “Fikir Yolu” yazarı olaraq gözəl Azərbaycanımızın bütün mətbuat işçilərini “Milli Mətbuat Günü” münasibətilə təbrik edirəm🙏🏻

Reklamlar

Xetai Mazanov Avatar

Published by

“22 iyul “Əkinçi” – Azərbaycan Milli Mətbuatının Təməl Daşı və Maarifçilik Nidası” için 2 cevap

  1. agletuniversallyb8b14df68f Avatar
    agletuniversallyb8b14df68f

    Bloq yazılarınız marağlıdır.

    Liked by 1 kişi

    1. Xetai Mazanov Avatar

      Təşəkkür Edirəm 🙏 Sizin Bloq Yazılarımı Oxuduğunuzu Bilmək Gözəldi. 😊

      Beğen

agletuniversallyb8b14df68f için bir cevap yazın Cevabı iptal et